SOCAR modernləşdirmə proqramı üçün “Honeywell” texnologiyasını seçib

0
75

SOCAR “Honeywell UOP” şirkətinin hidrogen texnologiyasından yüksək keyfiyyətli yanacağın emalı prosesində istifadə edəcək.

SOCAR Heydər Əliyev adına neft emalı zavodunun (NEZ) modernləşdirilməsi prosesində yüksək keyfiyyətli hidrogen təchizatı üçün qısa dövriyyəli adsorbsiyaya əsaslanan (PSA) “Honeywell UOP” texnologiyasından istifadə edəcək. Məlumdur ki, neftin təmizlənməsi və tam yanan yanacaqların, o cümlədən “Avro-5” standartlarına uyğun yanacaqların istehsalında katalitik proseslərə şərait yaradılması üçün istifadə olunan təmiz hidrogen emal prosesində mühüm rola malikdir. Yeni PSA texnologiyası Azərbaycanda “Avro-5” standartlı yanacaqlara artan tələbatın ödənilməsinə kömək edəcək.

“Honeywell UOP” şirkətinin Avropa, Afrika və Mərkəzi Asiya üzrə regional vitse-prezidenti Naycel Orçard deyib: “Honeywell” hidrogen texnologiyası SOCAR-ın Heydər Əliyev adına neft emalı zavodunda həyata keçirdiyi modernləşdirmə proqramının əsas elementidir. Bu proqram SOCAR-a regionun ən qabaqcıl emalçılarından biri olaraq qalmaqda kömək edəcək, ətraf mühitin qorunmasına və Azərbaycanda həyat səviyyəsinin daha da yüksəldilməsinə töhfə verəcək”.

“Honeywell UOP” SOCAR-ın neft emalı zavodunu iki PSA qurğusu ilə təchiz edəcək. Hər iki qurğuya “Honeywell Process Solutions C300” sistemləri vasitəsilə nəzarət olunacaq.

Modernləşdirmə prosesi başa çatdıqdan sonra neft emalı zavodunda hər il yerli yataqlardan, o cümlədən Neft Daşları, Suraxanı və Şirvan yataqlarından hasil olunan 7,5-8 milyon ton xam neftin emalı mümkün olacaq. “Avro-5” standartlarına uyğun benzin, təyyarə yanacağı və asfalt istehsalının effektivliyi artacaq.

“Hidrogen emal prosesinin yan məhsuludur və məqsədli şəkildə metanın buxar riforminqindən alınır. “Honeywell” texnologiyası hidrogeni təmizləyir, təmizlənmiş hidrogen çirkli maddələrin kənarlaşdırılması və xam nefti təmiz yanacağa və digər məhsullara ayıran katalitik prosesin aparılması üçün yenidən emal qurğusuna ötürülür”, – deyə N.Orçard deyib.

Neft emalı zavodu 1953-cü ildə keçmiş SSRİ Neft Nazirliyi tərəfindən yaradılıb. 1980-ci ildə UOP neftayrıma zavodunda ilk katalitik riforminq qurğusunu qurub və bununla da bütün Sovet ittifaqında yüksəkoktanlı benzin istehsalına doğru mühüm addım atılıb. Zavod 2003-cü ildə, 50-ci ildönümündə ulu öndər Heydər Əliyevin şərəfinə adlandırılıb.

SOCAR neft-qaz yataqlarının kəşfiyyatı və işlənməsi, neft, qaz və kondensatın hasilatı, emalı və nəqli ilə məşğul olur, neft və neft-kimya məhsullarını yerli və beynəlxalq bazarlara çıxarır, müxtəlif ölkələrin bazarlarında sənaye və əhalini təbii qazla təmin edir.

 

AZƏRTAC

BIR CAVAB YAZIN

Rəyinizi paylaşın
Zəhmət olmasa adınızı daxil edin