Rövnəq Abdullayev: “SOCAR qlobal neft sənayesində baş vermiş böhrandan əvvəlki nailiyyətlərini üstələyib”

0
137

“Ötən ilin maliyyə nəticələri bunu göstərir ki, SOCAR artıq qlobal neft sənayesində baş vermiş böhrandan əvvəlki nailiyyətlərini üstələyə bilib”.

Bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev 2017-ci ildə əldə edilən göstəriciləri qiymətləndirərək deyib.

O bildirib ki, bu yüksək göstəricilər Azərbaycan neftçilərinin peşəkarlığı, fədakarlığı və işə məsuliyyətli yanaşması sayəsində əldə olunub: “SOCAR öz gəlirini artıq yalnız Azərbaycan neftinin satışından deyil, daha çox üçüncü tərəflərin və neft-kimya məhsullarının satışından əldə edir. Bu da, SOCAR olaraq, həyata keçirdiyimiz davamlı inkişaf strategiyasının effektivliyinin bariz göstəricisidir”.

SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib ki, son illərdə SOCAR apardığı fəal maliyyə əməliyyatları nəticəsində kənardan sərfəli şərtlərlə maliyyə vəsaiti cəlb edə bilib və bunun sayəsində bir çox yeni layihələri həyata keçirməyə nail olub: “Artıq bu il SOCAR-ın 6 nəhəng layihəsi istismara verilir. Təbii ki, əvvəlki illərdə həmin layihələrlə bağlı götürülən maliyyə öhdəliklərinin artımı nəzərə çarpırdısa, yaxın gələcəkdə biz alınan vəsaitlərin gətirdiyi bəhrələri daha açıq şəkildə görəcəyik. Hazırda SOCAR-ın aktivləri şirkətin maliyyə öhdələklərini üstələyir və bu müsbət fərq təqribən 22 mlrd. manat təşkil edir”.

Əvvəlki illərdə olduğu kimi, beynəlxalq audit şirkəti olan “Ernst & Young Holdings (CIS) B.V.” SOCAR-ın 31.12.2017-ci il tarixinə hazırlanmış maliyyə hesabatlarına müsbət rəy verib. Ötən hesabat illəri ilə müqayisədə 2017-ci ildə aparılmış əlavə tədbirlər nəticəsində audit rəyinin, təxminən, 1 ay əvvəl alınmasına nail olunub.

Son 10 ildə SOCAR-ın ümumi gəlirləri 20 dəfəyə yaxın, xalis mənfəəti isə 4 dəfədən çox artıb. Qeyd edilən dövrdə şirkətin ümumi aktivləri 5 dəfəyə yaxın yüksəlib, o cümlədən, cari aktivləri təqribən 8 dəfə, uzun müddətli aktivləri isə 4 dəfə artıb.

 

Report.az

BIR CAVAB YAZIN

Rəyinizi paylaşın
Zəhmət olmasa adınızı daxil edin