Magistrant olmaq istəyənlər təkrar elektron sınaq imtahanı verəcəklər

0
50

Magistraturaya qəbul imtahanının birinci mərhələsi üzrə elektron sınaq imtahanı (təkrar) keçiriləcək.
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən magistraturaya qəbul olunmaq istəyən namizədlərin imtahana daha səmərəli hazırlaşmalarına kömək məqsədilə qəbul imtahanının birinci mərhələsi (məntiqi təfəkkür, informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi imtahanı) üzrə sınaq imtahanı təşkil olunacaq.
Elektron sınaq imtahanında iştirak etmək istəyənlər fevralın 17-si saat 09:00-dək mərkəzin internet saytında qeydiyyatdan keçməklə imtahana yazıla bilərlər.
Sınaq imtahanı fevralın 17-də DİM-in Nəsimi rayonu, A. Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında (Bakı Asiya Universitetinin binası) kompüter vasitəsilə elektron formada keçiriləcək və saat 10:00-da başlanacaq. Sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.
Sınaq imtahanında iştirak üçün ödənişin məbləği 30 (otuz) manatdir. İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in internet saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. “Şəxsi kabinet” bir dəfə yaradılır və daim istifadə oluna bilər. İstifadə edilmiş xidmətlər, imtahan nəticələri və digər məlumatlar istifadəçinin “Şəxsi kabinet”ində əksini tapacaq. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Ödəniş məqsədilə nəzərdə tutulan məbləği “Şəxsi kabinet”də olan hesaba daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilib) faydalanmaq olar.
Təkrar imtahanda iştirak etmək istəyənlərin nəzərinə çatdırılır ki, sınaq imtahanında DİM tərəfindən fevralın 4-də ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanının birinci mərhələsi üzrə keçirilən sınaq imtahanında istifadə olunmuş test tapşırıqlarından istifadə edilir.

BIR CAVAB YAZIN

Rəyinizi paylaşın
Zəhmət olmasa adınızı daxil edin