İdarəetmə strukturu

 

Bütün karyera planlarım mühəndis olmaq arzusu üstünə qurulmuşdu. Və mən məqsədimə nail oldum.
Xəyallarıma gedən yolda çox çətinliklər görmüşdüm. Çünki tələbə ikən mənə lazım olan informasiya bazası əlçatan deyildi , özümü inkişaf etdirə biləcəyim infrastruktur da tam qurulmamışdı.
Neft ölkəsinin mühəndislərinin bu cür sıxıntılar çəkməsi məni hər zaman qayğılandırırdı. Çünki bunların hamısını mən də bir zamanlar yaşamışdım.
Və nəhayət bütün qətiyyətimlə qərar verdim . Mən gənc mühəndislər üçün iş görməli idim. Tələbələr və məzunlar üçün real iş praktikasına addımlar atmağa kömək edəcək yolu yeni layihəmlə yaradacaqdım. Təşkilatımızın əsas strategiyası onları karyera qurmağa kömək edəcək həm nəzəri , həm də praktiki biliklərlə təmin etmək , istiqamət seçməkdə kömək etmək , məzunlar və şirkətlər arasında tələb və təklif tarazlığını qurmaq idi.
Bu fikrimi özüm kimi mühəndis yoldaşlarımla da bölüşdüm. Bəzi qurumlara dəstək üçün məktublar yazdım. Çox böyük ümidlərlə hazırlaşdığım işin başlanğıcı isə belə oldu:
– Alınmayacaq! Bacarmayacaqsan! Bu yalnız vaxt itkisidir! Vaxtını daha səmərəli işlərə sərf et! Öz karyerana yönəl! Bu cür işlərə baş qoşma! Bizim gənclərə bunlar maraqlı deyil!
İnsanlardan və dəstək ala biləcəyimi düşündüyüm qurumlardan heç bir kömək ala bilməməklə yanaşı öz ümidsizliklərini də mənə aşıladılar. Halbuki mənim məqsədim həm gənclər , həm də ölkə inkişafı üçün yararlı iş görmək idi. Həm də bunu bir mənfəət , təmənna güdmədən etmək istəyirdim.
Bəzən mən də ümidsizliklərə qapılırdım. Gözlədiyim nə mənəvi , nə də maddi dəstəyi ala bilmirdim. Ətrafımdakı insanların yalnız sözlü vədlərini eşidirdim. Ancaq nə tədbirlərdə , nə də layihənin başqa işlərində o vədlərin yerinə yetirildiyini görmədim.
Bütün “yoxlara” , “alınmayacaqlara” , “vaxt itkisidirlərə” rəğmən hələ də bir az ümidim var idi. 2015-ci ilin iyun ayında ilkin olaraq facebookda səhifəmi yaratdım. Sosial medianın gücünün bir çox maddi və mənəvi dəstəkçilərin köməklərindən daha təsirli ola biləcəyinə zamanla özüm şahid oldum.
İlkin olaraq səhifə vasitəsilə izləyici kütləsinə onlara maraqlı ola biləcək məlumatlar , şirkətlərdəki vakansiyalar haqqında paylaşımlar edirdim. Hər nə qədər iş , ailə , öz təhsilim məni kifayət qədər yorsa da , mənəvi cəhətdən ən çox incidən insanların layihəmə inamsızlığı idi.
Lakin zaman keçdikcə işlər mənim xeyrimə doğru dəyişməyə başlayırdı. Səhifə aktivliyini davam etdirərkən tələbələr üçün texniki seminarlar , gəzintilər , karyera günü , yarışmalar təşkil edirdim. Və ən sevindirici hal insanların əksini iddia etmələrinə baxmayaraq gənclərin bu işlərə maraqlı olması və hər növbəti tədbirin daha çox insan cəlb etməsi idi.
Gün keçdikcə mənə heç bir nəticəylə geri dönməyən məktublarım yerini təşkilatımıza təklif olunan işbirliyi səylərinə təhvil verirdi. Neft ölkəmizin gənc və savadlı kadrlara ehtiyacı olduğu və bizim də o kadrlara dəstək olmalı olduğumuz artıq insanlara agah olurdu.
AZENU hələ yolun çox başındadır. Gələcəyə isə ümidlərim böyükdür. Təşkilatım tələbələr kimi böyük şirkətləri də öz ətrafında cəmləşdirib kadrlarımızın yetişməsinə dəstək olacaq. Ölkəmizdə texniki bilik və bacarıqları inkişaf etmiş bir nəslin başlanğıcı AZENU-n adı ilə bağlı olacaq.

Hörmətlə,

Ayxan Salmanov – Azərbaycan Mühəndislər Birliyinin qurucusu.