BP-NİN BAŞ İCRAÇI DİREKTORU: “GƏLƏN HƏFTƏ “ŞAHDƏNİZ 2”DƏN İLK KOMMERSİYA QAZI NƏQL OLUNACAQ”

0
434

Gələn həftə Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində ilk kommersiya qazı nəql olunacaq.

Bunu 27-ci Ümumdünya Qaz Konfransı çərçivəsində BP-nin Vaşinqtondakı mənzil qərargahında Cənub Qaz Dəhlizinə həsr olunmuş tədbirdə şirkətin baş icraçı direktoru Bob Dadli bildirib.

“Gələn həftə “Şahdəniz 2”dən ilk kommersiya tədarükünün şahidi olacağıq”,- o qeyd edib.

BP-nin baş icraçı direktoru Cənub Qaz Dəhlizi layihəsinin dünyanın ən böyük enerji layihələrindən biri olduğunu vurğulayıb.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsi Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil ediləcək qazın boru kəmərləri ilə Türkiyə və Avropaya nəqlini nəzərdə tutur. “Şahdəniz-2” layihəsi, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, Türkiyə ərazisində inşa olunan Trans-Anadolu Boru Kəməri (TANAP), Yunanıstan, Albaniya və Adriatik dənizinin dibi ilə Cənubi İtaliyaya qədər uzanacaq Trans-Adriatik Boru Kəməri (TAP) Cənub Qaz Dəhlizinin əsas komponentləridir.

Bu il mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizi layihəsinin ilk hissəsinin rəsmi açılış mərasimi keçirilib. İyunun 12-də isə Türkiyədə (Eskişehir) TANAP-ın rəsmi açılış mərasimi baş tutub. Azərbaycan qazının 2020-ci ilin əvvəlində Avropaya nəqli nəzərdə tutulur.

 

Report.az

BIR CAVAB YAZIN

Rəyinizi paylaşın
Zəhmət olmasa adınızı daxil edin